BAKI, 5 avqust. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Sənaye Məhəlləsində maarifləndirici tədbir keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə FHN-in yerli qurumlarının məsul əməkdaşları və müəssisənin kollektivi iştirak edib.
Tədbir zamanı çıxış edən natiqlər ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətini qeyd edərək, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin tikintidə təhlükəsizlik normalarından, yaşayış məntəqələrinin planlı inkişafı zamanı ekoloji təhlükəsizliyin təmin edilməsindən bəhs olunub, ətraf mühitin mühafizəsi, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınmasının zəruriliyi vurğulanıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.