BAKI, 30 iyun. TELEQRAF

Azərbaycan və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) itkin düşmüş şəxslərlə bağlı vahid məlumat idarəetmə sisteminin tətbiqinə başlayır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, ICMP tərəfindən hazırlanmış İnteqrasiya edilmiş Məlumat İdarəetmə Sistemi (iDMS) Azərbaycan dilinə uyğunlaşdırılıb:

“Sistem itkin düşmüş şəxslərlə bağlı bütün məlumat bazalarının vahid platformada birləşdirilməsinə, dövlət qurumlarının məlumatları operativ şəkildə emal etməsinə imkan verəcək”.

Şərafət Həsənov əlavə edib ki, sistem Azərbaycanda yerləşən serverlərdə fəaliyyət göstərəcək və ona giriş yalnız səlahiyyətli dövlət qurumlarının əməkdaşlarına veriləcək.