BAKI, 30 iyun. TELEQRAF
Beynəlxalq İtkin Şəxslər üzrə Komissiya (ICMP) Azərbaycanın itkin düşmüş şəxslər məsələsinin həlli istiqamətində həyata keçirdiyi tədbirləri və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işləri yüksək qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.
O bildirib ki, ICMP keçmiş Yuqoslaviyada baş vermiş münaqişələrdən sonra itkin düşmüş şəxslərin taleyinin araşdırılması məqsədilə yaradılıb:
"Həmin münaqişə zamanı 160 mindən çox insan həlak olub, 40 min nəfər itkin düşüb. Hazırda regionda itkin düşmüş şəxslərin 75 faizdən çoxdur. Srebrenitsa soyqırımı zamanı itkin düşənlərin isə 90 faizdən çoxu müəyyən edilib. Bu hökumətlər arasında əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirmək olar".
ICMP rəsmisi vurğulayıb ki, itkin düşmüş şəxslər probleminin həllində əsas istiqamətlərdən biri dövlət qurumları arasında səmərəli əməkdaşlığın təmin edilməsidir:
"Azərbaycanda bu məqsədlə yaradılmış Dövlət Komissiyası və prosesə cəlb olunan çoxsaylı dövlət qurumları beynəlxalq təcrübəyə uyğun model hesab oluna bilər. Münaqişədən sonrakı dövrdə mövcud qanunvericiliyin təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. ICMP-nin Azərbaycanın dəvəti ilə apardığı qiymətləndirmənin nəticələrinə əsasən, bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac var və hazırda həyata keçirilən islahatlar müsbət qiymətləndirilir.
Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən dövlətlər yalnız itkin düşmüş şəxslərin axtarışı və taleyinin müəyyənləşdirilməsi ilə deyil, həm də onların ailələrinin həqiqəti bilmək, ədalətə çıxış və kompensasiya hüquqlarının təmin olunması ilə bağlı öhdəlik daşıyırlar:
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində müşahidə olunan irəliləyişləri müsbət qiymətləndirirəm. Hökumətlər arasında əməkdaşlığın gücləndirilməsi itkin düşmüş şəxslər probleminin həllində həlledici rol oynayır".