BAKI, 25 iyun. TELEQRAF

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin qərarı ilə qiymətləndirilməni həyata keçirən səlahiyyətli qurum qismində İqtisadiyyat Nazirliyi müəyyən olunub.

Yeni qaydalara əsasən, dövlət orqanları və qurumları tərəfindən sahibkarlıq subyektlərinə, eləcə də onlara dəstək infrastrukturunu təşkil edən təşkilatlara göstərilən dövlət dəstəyi mexanizmlərinin effektivliyi rəsmi yoxlanışdan keçiriləcək. Eyni zamanda, dəstək infrastrukturunu formalaşdıran qurumların sahibkarlara yönəlmiş fəaliyyətinin səmərəlilik səviyyəsi də qiymətləndiriləcək.

İslahat çərçivəsində tətbiq ediləcək yeni nəzarət mexanizminə görə, hər hansı yeni dövlət dəstəyi tədbiri işə salınmazdan əvvəl həmin layihəni təklif edən dövlət orqanı tərəfindən dəstək mexanizmlərinin ilkin proqnoz qiymətləndirilməsi aparılacaq. Bununla yanaşı, hazırda sahibkarlıq subyektlərinə göstərilməkdə davam edən mövcud dövlət dəstəyi proqramlarının iqtisadi səmərəliliyi də nazirlik tərəfindən mütəmadi olaraq qiymətləndiriləcək.