BAKI, 30 iyun. TELEQRAF
Son illərdə həyata keçirilən tədbirlər, xüsusən də itkin şəhidlərin şəxsiyyətini eyniləşdirərək dəfn mərasimlərinin təşkili bütün Azərbaycan vətəndaşlarında, o cümlədən itkin ailələrində böyük ümid hissi yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.
O bildirib ki, itkin düşmüş şəxslərin axtarışı və eyniləşdirilməsi istiqamətində görülən işlər yüksək məsuliyyət, ciddi maliyyə və maddi-texniki təminat, müasir texnologiyaların tətbiqi və səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsini tələb edir.
Deputat qeyd edib ki, mina və partlamamış hərbi sursatlarla çirklənmiş mürəkkəb relyefli ərazilərdə ağır şəraitdə axtarış-qazıntı işləri aparan, həmçinin insan qalıqları ilə birbaşa təmasda olan əməkdaşların sağlamlığının qorunması xüsusi əhəmiyyət daşıyır:
"Son illərdə azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların tədqiqi, DNT analizlərinin aparılması və müasir kriminalistika metodlarının tətbiqi bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan verib. Eyni zamanda, itkin düşmüş şəxslərin ailələrinə sosial və psixoloji dəstək tədbirləri də davam etdirilir.
Dövlət Komissiyasının işçi qrupunun statusunun, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, əməkdaşların sosial təminatının və sağlamlığının qorunması məsələlərinə yenidən baxılmalıdır".
Arzu Nağıyev həmçinin əsir və itkin düşmüş şəxslərin vahid qeydiyyat və məlumat bazasının hüquqi əsaslarının möhkəmləndirilməsini, ailələrin məlumat almaq hüququnun daha səmərəli təmin edilməsini, dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsini, psixoloji, sosial və hüquqi dəstək mexanizmlərinin qanunvericilikdə daha aydın əksini tapmasını, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın hüquqi mexanizmlərinin gücləndirilməsini vacib hesab etdiyini vurğulayıb.