BAKI, 30 iyun. TELEQRAF

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində hazırda 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, 30 iyun 2026-cı il tarixinə Dövlət Komissiyasında 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 44 günlük Vətən müharibəsində itkin düşüb”.

Şərafət Həsənov vurğulayıb ki, itkin düşənlərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir:

“Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 yaşlı şəxs var”.