BAKI, 30 iyun. TELEQRAF

“Hazıradək HTBİ-də 327 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib”.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

Rüfət Əliyev qeyd edib ki, genetik tədqiqatlar sahəsində baş verən qlobal elmi-texnoloji yenilikləri, biotexnoloji nailiyyətləri müntəzəm izləmək və dinamik inkişafa inteqrasiya üçün genetik-mütəxəssislərimiz beynəlxalq elmi resurlardan, elmi mərkəzlərin rəsmi bazalarından və elmi platformalardan geniş istifadə edir:

“Onlar bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif ölkələrdə və respublikamızda keçirilən konfrans, təlim və treninqlərdə iştirak etmiş, itkin düşmüş şəxslərlə bağlı fəaliyyətdə məhkəmə-genetik tədqiqatları sahəsində iş təcrübələrini daha da zənginləşdiriblər.

ICMP və Dövlət Komissiyasının birgə iş planına uyğun olaraq mütəxəssislərimiz DNA təlimləri və genetik ekspertiza sahəsində institusional və qanunverici çərçivənin müzakirəsi üzrə onlayn sessiyalara qatılmış, 2025-ci ilin avqust ayında isə Niderland Krallığının Haaqa şəhərində DNT laboratoriyasında keçirilən təlimlərdə iştirak etmişlər.

Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasında istifadə olunan müasir texnoloji avadanlıqlar, geniş təcrübə qazanmış mütxəssislər və əldə olunan nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb”.