BAKI, 30 iyun. TELEQRAF

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və digər aidiyyəti dövlət qurumlarının da inteqrasiya olunduğu BSC (Biological Sample Collection) əməliyyat sistemidə laboratoriyanın proqram təminatına daxildir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

Rüfət Əliyevin sözlərinə görə, 2024-сü ilin may ayında laboratoriya Beynəlxalq Məhkəmə Genetika Cəmiyyətinin təşkilatçılığı ilə Oslo Universitetinin Məhkəmə Ekspertizası Departamenti və İsveçin Milli Məhkəmə Ekspertizası Qurumu tərəfindən qiymətləndirmədən müvəffəqiyyətlə keçib və sertifikatla təmin olunub:

“Həmin ilin oktyabr ayında isə Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya olunub və sertifikatlaşdırılıb. 2025-сi ildə isə laboratoriyada həmin qurum tərəfindən növbəti nəzarət auditi həyata keçirilib. Laboratoriyanın bioloji materialların idarəedilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb. Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasında dünya miqyasında ən uğurlu layihə hesab edilən ICMP-nin Standart Əməliyyat Prosedurları əsas götürülür”.

O bildirib ki, Azərbaycan Respublikasında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyinin müəyyənləşdirilməsi, onların hüquqlarının müdafiəsi və ailələrinə sosial-psixoloji dəstəyin göstərilməsi üçün uzun müddətdir institutsional infrastruktur formalaşdırılıb:

“Yüksək texnoloji laboratoriyanın və DNT Məlumat Bankının da daxil olduğu vahid koordinasiya mərkəzinin mövcudluğu, milli qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və humanitar diplomatiya dövlətin humanitar prinsiplərə və milli maraqlara sadiqliyini əyani şəkildə nümayiş etdirir".