BAKI, 30 iyun. TELEQRAF

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyinə həsr olunmuş “Mərkəzi Elmi Kitabxana 100 il elmin keşiyində” adlı monoqrafiya işıq üzü görüb.

Teleqraf xəbər verir ki, nəşr Azərbaycanın ən böyük elmi-informasiya mərkəzlərindən biri olan Mərkəzi Elmi Kitabxananın birəsrlik fəaliyyət yolunu, keçdiyi inkişaf mərhələlərini və ölkənin elmi-mədəni həyatına verdiyi töhfələri əks etdirir.

Kitabın müəllifləri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevadır. Nəşrin elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva, ixtisas redaktoru isə Şəbnəm Rüstəmovadır.

Monoqrafiyada 100 illik zəngin və keşməkeşli inkişaf yolu keçmiş AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti geniş şəkildə tədqiq olunub, onun struktur bölmələri, informasiya mühitində tutduğu yer və müasir elmi-kommunikasiya proseslərindəki rolu elmi-nəzəri əsaslarla təhlil edilib.

“Azərbaycan elminin yaddaş arxivi: akademiya kitabxanasının yaranması və inkişaf tarixi” adlı birinci fəsildə kitabxananın təşəkkülü və inkişaf mərhələləri araşdırılıb. “Mərkəzi Elmi Kitabxananın şöbələri” adlı ikinci fəsildə qurumun struktur vahidlərinin yaranma tarixi və fəaliyyət istiqamətləri təqdim olunub. “Mərkəzi Elmi Kitabxananın direktorları” adlı üçüncü fəsildə isə müxtəlif dövrlərdə kitabxanaya rəhbərlik etmiş direktorların həyat və fəaliyyəti işıqlandırılıb.

Monoqrafiya kitabxanaşünaslar, tarixçilər, elm və təhsil sahəsində çalışan mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.