BAKI, 25 iyun. TELEQRAF

Azərbaycanda “İntellektual gömrük” informasiya sistemi yaradılır.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin, habelə xarici ticarət iştirakçıları ilə əlaqələrin rəqəmsallaşdırılması məqsədilə “İntellektual gömrük” informasiya sisteminin (İGİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmanla sistemin fəaliyyət əsaslarını, hüquqi və texnoloji çərçivəsini müəyyən edən xüsusi Əsasnamə təsdiqlənib.

Sənədə əsasən, İGİS-in sahibi və operatoru funksiyalarını Dövlət Gömrük Komitəsi həyata keçirəcək. Komitə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin “Hökumət buludu”nda (G-cloud) yerləşdirilməsini və təkmilləşdirilməsini təmin etməlidir. Fərmanla həmçinin rəqəmsal idarəetməyə keçidi sürətləndirmək üçün gömrük rəsmiləşdirilməsində tələb olunan ilkin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində əldə olunması tapşırılıb.

Təsdiqlənmiş Əsasnaməyə əsasən, İGİS bütövlükdə 17 fərqli funksional altsistemdən ibarət olacaq. Sistemdə malların sərhəddən keçidini tənzimləyən “Sərhəd”, beynəlxalq poçt və elektron ticarət yüklərini nəzarətdə saxlayan “Poçt və kuryer daşımaları”, gömrük ödənişlərini və bank qarantiyalarının reyestrini aparan “Maliyyə əməliyyatları” altsistemləri qurulacaq. İnnovativ yeniliklərdən biri olan “Avtomatlaşdırılmış risk analizi” altsistemi vasitəsilə isə süni intellekt əsaslı alqoritmlərdən istifadə edilməklə gömrük sahəsindəki risklərin qiymətləndirilməsi və idarə olunması həyata keçiriləcək.

Sistemdən istifadə qaydalarına uyğun olaraq, dövlət informasiya sistemlərinə malik olmayan qurumlar, şirkətlər və vətəndaşlar EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik yaradılan elektron kabinetləri üzərindən İGİS-in xidmətlərindən yararlana biləcəklər. Sistemdə toplanan bütün informasiya dövlət mülkiyyəti hesab olunacaq, fərdi məlumatların qorunması isə "Fərdi məlumatlar haqqında" Qanuna uyğun aparılacaq. Sistemin informasiya təhlükəsizliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə qorunacaq.