BAKI, 30 iyun. TELEQRAF
Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş şəxslərin axtarışında genetik identifikasiya tədbirləri 2022-ci ildən etibarən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi tərəfindən aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, HTBİ-nin Genetik araşdırmalar mərkəzinin laboratoriyası dövlət maliyyələşməsi hesabına dünya standartlarına uyğun, müasir texnoloji avadanlıq və cihazlarla təchiz edilib:
“Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının müasir texnoloji imkanlara malik olmasına baxmayaraq, genetik-mütəxəssislərin hazırlığı və axtarış-sorğu tədbirlərində tətbiq edilən metodların düzgün seçilməsi və iş prosesində yeni metodların axtarılması kimi amillər genetik-identifikasiya tədbirlərinin səmərəliliyini artırmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Nəzərə alınmalıdır ki, münaqişədən uzun müddət keçmişdir və aşkar edilmiş məzarlıqlardan götürülmüş sümük nümunələri xüsusilə ətraf mühit faktorları nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qalıb".
O bildirib ki, DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır:
"Mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub.
Hazırda Genetik Araşdırmalar Mərkəzində CLİMS kompleks iş və idarəetmə proqramından istifadə olunur. Proqram bioloji materialların qəbulundan yekun rəyin verilənədək olan iş prosesini beynəlxalq ISO 17025 standartlarına uyğun idarə edən, mürəkkəb DNT profillərini analiz edərək DNT Məlumat Bankı ilə inteqrasiya rejimində və yüksək kibertəhlükəsizlik arxitekturasında rəqəmsallaşdıran kompleks proqram təminatıdır”.