BAKI, 25 iyun. TELEQRAF

Azərbaycanda üfüqi monitorinq sisteminə daxil olan vergi ödəyiciləri üçün yeni nəzarət və risk hesabatlılığı qaydaları müəyyən edilib.

Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədov “Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Qərar Vergi Məcəlləsində və bir sıra digər qanunlarda dəyişiklik edilməsi barədə 2025-ci il 9 dekabr tarixli Qanunun tətbiqi və dövlət başçısının müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Təsdiqlənmiş qaydalara əsasən, üfüqi monitorinq proqramına qəbul edilən vergi ödəyiciləri öz müəssisələrində daxili nəzarət sistemini qurmalı, habelə qarşılaşa biləcəkləri mümkün vergi riskləri və bu risklərin qarşısının alınmasına yönəlmiş daxili nəzarət prosedurları barədə ətraflı məlumatları rəsmi qaydada vergi orqanına təqdim etməlidirlər. Bu sistem vergi nəzarətinin elektronlaşdırılması və sahibkarlarla vergi orqanları arasında şəffaflığın artırılması məqsədi daşıyır. Dəyişikliklər rəsmi sənədlərlə eyni gündə qüvvəyə minir.