BAKI, 17 aprel. TELEQRAF

Kolbasa və sosiska kimi emal olunmuş ət məhsulları gündəlik qidalanmada geniş istifadə olunsa da, onların sağlamlığa təsiri ilə bağlı narahatlıqlar var. Müasir dövrdə insanlar həyatlarını onlarsız təsəvvür etmirlər, hətta uşaqlar da kolbasa və sosiskanı xoşlayırlar.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Teleqraf-a bildirib ki, kolbasa və sosiskalar gündəlik qida rasionunda yer almamalıdır:

“Ev şəraitində hazırlanan kolbasalar keyfiyyətli xammaldan, az duz və minimum qatqı maddələri ilə hazırlanarsa və sanitar-gigiyenik qaydalara uyğun saxlanılarsa, nisbətən təhlükəsiz hesab edilə bilər. Lakin bu məhsulların saxlanma müddəti qısa olduğundan tez bir zamanda istehlak olunması tövsiyə edilir. Kolbasa məhsullarının tərkibində əsas ət payı təxminən 70 faiz, bəzi premium məhsullarda isə köməkçi maddələr maksimum 20-30 faiz təşkil etməlidir”.

Məhsəti Hüseynova vurğulayıb ki, məhsulun üzərində E250 natrium nitrit kimi qatqılar göstərilibsə, buna xüsusi diqqət yetirilməlidir:

“Bu maddənin yüksək miqdarı immun sistemini zəiflədir, bağırsaq mikroflorasını pozur. Tərkibində duzun çox olması ürək-damar xəstəlikləri və təzyiq problemlərinə səbəb olur. Həmçinin doymuş yağların çoxluğu xolesterinin artmasına və xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır”.

O qeyd edib ki, kolbasa və sosiskaları qızartmaq tövsiyə olunmur:

“Qızartma həm qaraciyərə, həm də digər daxili orqanlara zərər verir, məhsulun keyfiyyətini dəyişir. Daha yaxşısı onları qaynatmaq və ya buxarda bişirməkdir. Eyni zamanda bu məhsulların hər gün istifadəsi məsləhət görülmür”.

Mütəxəssis bildirib ki, işlənmiş ət məhsulları olan kolbasa və sosiskalarda olan nitritlər, nitratlar və digər kimyəvi qatqılar sağlamlıq üçün risklidir:

“Bu maddələr immun sisteminin zəifləməsinə, bağırsaq fəaliyyətinin pozulmasına səbəb olur. Tərkibindəki yüksək duz və doymuş yağ isə ürək-damar xəstəliklərinin yaranmasına şərait yaradır. Xroniki xəstələrdə vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər”.

Məhsəti Hüseynova əvvəllər delikates sayılan kolbasanın bu gün daha əlçatan məhsula çevrilməsinə münasibət bildirib:

"Bəzi insanlar gün ərzində bir neçə dəfə ondan istifadə edir. Bu isə sağlamlıq üçün ciddi risk yaradır. Tövsiyə olunur ki, kolbasa mütəmadi deyil, maksimum 50 qram həcmində və keyfiyyətli şəkildə istehlak edilsin. Azyaşlılar və 20-25 yaşa qədər olan şəxslər inkişaf dövründə olduqları üçün daha çox vitamin və mineral dəyəri yüksək qidalara üstünlük verməlidir”.

O əlavə edib ki, kolbasa zülal tərkibli məhsul olduğuna görə tez xarab olur və saxlanma şəraiti xüsusi əhəmiyyət daşıyır:

“Məhsulun son istifadə müddəti bitməsə belə, düzgün saxlanılmadıqda mikroorqanizmlər çoxalır və keyfiyyət aşağı düşür. Paketlənmiş məhsulları alarkən istehsalçı haqqında məlumat, tərkib, qida dəyəri, allergenlər və istehsal tarixi mütləq qeyd olunmalıdır”.

Qida mütəxəsisi qeyd edib ki, bəzi idxal məhsullarında bir neçə tarix göstərilməsi istehlakçılarda çaşqınlıq yaradır və bu hallarda diqqətli olmaq lazımdır:

“Əgər qablaşdırma zədələnibsə, tarixlər silinibsə və ya dəyişdirilibsə, bu məhsullar şübhəlidir. Doğranmış şəkildə satılan kolbasa məhsulları da risklidir, çünki istehlakçı tam məlumat ala bilmir və bu məhsullar daha tez xarab olur. Bundan əlavə kolbasa məhsulları +2 ilə +5-6 dərəcə temperaturda saxlanılmalıdır.

Soyuducu işləmirsə və ya məhsul yüksək temperaturda saxlanılıbsa, onu almaq məsləhət deyil. Açıq vitrində uzun müddət qalan, digər məhsullarla düzgün yerləşdirilməyən kolbasalar da risklidir. Əgər məhsulda xoşagəlməz qoxu, yapışqanlıq, rəng dəyişməsi, kif əlamətləri və ya turş dad varsa, onu istifadə etmək olmaz. Bu cür məhsullar zəhərlənməyə səbəb olmasa belə, immun sistemini zəiflədir və maddələr mübadiləsinə mənfi təsir göstərir”.