BAKI, 17 aprel. TELEQRAF
Aprelin 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının Sədri Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul edib.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Nümayəndə heyətini səmimi salamlayan Baş prokuror Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Prezidentlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndiyini, mütəmadi görüşlər, sıx təmaslar və beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilən qarşılıqlı səfərlərin, o cümlədən hazırda davam edən 5-ci Antalya Diplomatiya Forumu kimi platformalarda birgə iştiraklarının digər sahələrlə yanaşı, ölkələrimizin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynadığını qeyd edib.

Bundan başqa, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığını bildirib, bu ağır və kədərli hadisədə həlak olanların ailə üzvlərinə, yaxınlarına səbr diləyib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.
Türkiyə Respublikası Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasinin Sədri Yusuf Kuzu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrimizin həm prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.
Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib, eləcə də hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd olunaraq gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar barədə fikir mübadiəsi aparılıb.

.jpg)
.jpg)
