BAKI, 17 aprel. TELEQRAF

Gəncə Şəhər İcra Hakimiyyətində “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda müşavirə keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Fövqəladə Hallar Nazirliyi Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov, eləcə də Gəncə şəhəri və ətraf rayonların yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin bələdiyyə sədrləri iştirak ediblər.

Əvvəlcə, şəhərin Baş meydanında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Müşavirənin əsas məqsədi baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması, mövcud problemlərin müzakirəsi və effektiv həll yollarının müəyyənləşdirilməsi olub.

Tədbirdə qərb bölgəsindəki meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti barədə geniş məlumat verilib. Xüsusilə qarşıdan gələn yay mövsümündə mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, aparılan monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqlar və onların aradan qaldırılması yolları müzakirə olunub.

Bildirilib ki, milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsi, o cümlədən məsul şəxslərin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi vacibdir.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.