BAKI, 17 aprel. TELEQRAF

“Bir nəfər qan verməklə üç xəstənin həyatını xilas edə bilər. Eyni zamanda, qanvermə zamanı hematopoez prosesi aktivləşir, hüceyrələr yenilənir, insult və infarkt riski azalır, orqanizmdə bir sıra bioloji proseslər sürətlənir. Bu, insan sağlamlığı üçün mühüm töhfədir”.

Bunu Teleqraf-a açıqlamasında Ümumdünya Hemofiliya Gününə həsr olunmuş qanvermə aksiyasında Respublika Qan Bankının icraçı direktor müavini Afət Zeynalova deyib.

O bildirib ki, donor olmaq üçün yaş meyarı 18–65 yaş aralığını əhatə edir. Qan vermək istəyən şəxslər əvvəlcə qeydiyyat şöbəsinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir və ilkin müayinə otağına yönləndirilirlər. Burada terapevt tərəfindən sorğu aparılır, xroniki xəstəliklərin olub-olmaması araşdırılır və fiziki baxış keçirilir. Müayinə zamanı arterial təzyiq, bədən temperaturu, nəbz, çəki və hemoqlobin səviyyəsi yoxlanılır. Bütün sağlamlıq meyarlarına uyğun gələn şəxslər donor kimi qəbul olunur.

"Daha sonra donorlar qan alma otağına yönləndirilir və proses ixtisaslaşmış tibbi heyət tərəfindən, həkim nəzarəti altında həyata keçirilir. Prosedur zamanı infeksiyaların qarşısının alınması məqsədilə yalnız birdəfəlik steril tibbi alətlərdən istifadə olunur. Qanvermə prosesi başa çatdıqdan sonra donorlar 15–20 dəqiqə ərzində xüsusi kresloda istirahət edir və həkim tövsiyəsinə əsasən gün ərzində bol maye qəbul etmələri, isti duş və vanna qəbul etməmələri, ağır fiziki işdən uzaq durmaları tövsiyə olunur".

Afət Zeynalova qeyd edib ki, toplanmış qan nümunələri laboratoriyada dörd əsas infeksiya hepatit B, hepatit C, sifilis və HİV üzrə yoxlanılır. Bundan sonra NAT nuklein turşularının amplifikasiyası texnologiyası tətbiq olunur və bütün mərhələlərdən uğurla keçən qan təhlükəsizlik sertifikatı ilə təmin edilir.

"Tam qan xüsusi tədarük otaqlarında komponentlərə eritrosit kütləsi, plazma və trombosit kütləsinə ayrılır. Eritrosit kütləsi +2°C – +6°C temperaturda 32–40 gün müddətində saxlanılır. Plazma -30°C – -40°C temperaturda 2 ilədək qorunur. Trombosit kütləsi isə otaq temperaturunda saxlanılır və 5 gün ərzində istifadə olunmalıdır".

Qan verdikdən sonra nəyə və hansı qaydalara əməl etmək lazımdır?

O, qeyd edib ki, qan verdikdən sonra şəxslər günəş şüası altında uzun müddət qalmamalı, ağır fiziki iş görməməli, idmanla məşğul olmamalı, isti duş qəbul etməməli, siqaret və alkoqoldan uzaq durmalı, bol maye qəbul etməli və istirahət etməlidirlər.

Qeyd edək ki, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Respublika Qan Bankında Ümumdünya Hemofiliya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilir.

Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Dövlət Komitəsinin “Ailəm könüllüləri” proqramı iştirakçılarının birgə əməkdaşlığı ilə baş tutur.

Donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən xəstələrə dəstək məqsədi daşıyır.