BAKI, 17 aprel. TELEQRAF
İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bu, qurumun sabiq icra başçısı Vilyam Hacıyevin mənimsəmə faktları ilə əlaqədardır.
Belə ki, 2019-cu ildə İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən üç milyon vəsait ayrılıb.
Bundan sonra İmişli Rayon İcra Hakimiyyəti ilə Vüqar Məhərrəmovun rəhbəri olduğu “NTC Company” şirkəti arasında tender müqaviləsi imzalanıb.
Lakin Vilyam Hacıyev şirkətə tikinti üçün ödəniləcək məbləğdən 30 fiaz “otkat” alıb. 974 193 manat vəsait “NTC Company” şirkətinin nümayəndəsi Səyalı Səfərova tərəfindən Vilyam Hacıyevin sürücüsü vasitəsilə hazırda həbsdə olan keçmiş icra başçısına çatdırılıb.
Maraqlıdır ki, Vilyam Hacıyevin həbsindən sonra bu işdə zərərçəkmiş kimi tanınan İmişli Rayon İcra Hakimiyyəti sözügedən məbləğin geri alınması üçün məhkəməyə müraciət edib. İmişli RİH iddia ərizəsində 974 min manatın Vilyam Hacıyevin müsadirə edilən əmlaklarını hesabına geri ödənilməsini istəyib. Bütün instansiya məhkəmələri İmişli Rayon İcra Hakimiyyətinin bu tələbini təmin edib. Vilyam Hacıyev isə işi Ali Məhkəməyə qədər daşıyıb, lakin onun kassasiya şikayəti təmin edilməyib.
Onu da bildirək ki, İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün ötən ilin dekabrında da “NTC Company” şirkəti ilə yarım milyon manatlıq tender müqaviləsi imzalanıb. İmişlinin hazırkı icra başçısı Elçin Rzayevdir.
Qeyd edək ki, Vilyam Hacıyev 5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ildə Ali Məhkəmənin qərarı ilə V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.