BAKI, 3 mart. TELEQRAF
Qidalanma insan sağlamlığının əsas şərtlərindən biridir. Xüsusilə, oruc tutulan zamanlarda qidalanma daha da önəm daşıyır. Bəziləri oruc tutulan dövrdə çəki aldığını, bəziləri isə çəki atdığını deyirlər. Bu ziddiyyətli nəticələr bir sıra suallar yaradır. Həmçinin, xroniki xəstəlikləri olan şəxslər də qidalanmaya xüsusi diqqət etməlidirlər.
Oruc zamanı düzgün qidalanma necə olmalıdır? Oruc tutmaq çəkidə hansı dəyişikliklərə səbəb olur? Yaş kateqoriyasına görə, nələrə diqqət edilməlidir? Xroniki xəstəlikləri olanlar necə qidalanmalıdır?
Oruc tutmaq nə çəki almağa, nə də çəki atmağa səbəb olur
Mövzu ilə bağlı Teleqraf-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hər insanın fərdi orqanizm xüsusiyyətlərinə görə, metabolizmin sürəti, fiziki aktivlik, yuxu rejimi əsas rol oynayır.
Onun sözlərinə görə, qidaların hansı miqdarda qəbul edilməsi də önəmlidir:
“Oruc tutmaq insan orqanizmində nə çəki almağa, nə də çəki atmağa səbəb olur. İstifadə edilən enerjinin yerini dolduracaq qədər və ya daha çox qida qəbul edilirsə, həmçinin iftarda həddindən artıq yağlı, şirin qidalar qəbul edilirsə, kökəlmə baş verir. Xüsusilə, iftar axşam saatlarında olduğu üçün oturaq və hərəkətsiz qalmaq da artıq çəkiyə səbəb olur. Həddindən artıq qida qəbul edib, amma balansa uyğun su qəbul etmədikdə şişkinlik, köp, qarın nahiyəsində narahatlıq və piylənmə ola bilər. Normalda qəbul edilən qidalardan daha az kalorili qidalar qəbul edildikdə də çəki dəyişir. Oruc tutan zaman şəkərli qidaların, qazlı içkilərin miqdarı azaldılır. Bu da mədənin həcminin kiçilməsinə, həm də qanda şəkərin normaya düşməsinə səbəb olur. Bu halda insanlar çəki verdiklərini zənn edirlər. Amma əslində onlar artıq şişkinlikdən qurtulurlar. Uzun müddət ac qaldıqda orqanizm öz yığdığı yağ ehtiyatından istifadə edir. Bu da arıqlamağa gətirib çıxarır”.

O əlavə edib ki, oruc tutanlar daha çox zülal, protein tərkibli qidalar, lifli qidalar, mövsümü meyvə-tərəvəzlər qəbul etməlidirlər:
“Ən önəmlisi sudur. Hər insan çəkisinə uyğun olaraq imsakda və iftarda təxmini 6-8 stəkan su içməlidir. 20 yaşa qədər insanlarda həm zülal, həm də karbohidrat ehtiyacı çox olur. Buna görə qidalarında hər ikisi də çox olmalıdır. İdman edən, fiziki aktivliyi olan insanlarda protein miqdarı artırıla bilər. Xüsusilə, 40-dan yuxarı insanlarda isə metabolizmin sürəti yavaş olduğundan daha çox zülal qəbul edilməlidir. Uzun müddət aclıq çəkən orqanizmdə əzələ itkisinin olmaması üçün zülal mütləq düzgün miqdarda qəbul edilməlidir. Çox duzlu zeytun turşusundan, ümumiyyətlə, duzlu turşulardan istifadə etmək tövsiyə olunmur. Bunlar aclıq zamanı narahatlıq yarada bilər”.
Qida eksperti Fərid Səfərovun sözlərinə görə, əslində oruc özü arıqlatmır, nəticə necə qidalanmaqdan asılıdır:
“Oruc zamanı qidalanma məhdudlaşdığı üçün kalori azalarsa, çəki enə bilər. İftarda həddən artıq yemək olarsa, çəki arta bilər. İlk günlərdə su itkisi səbəbilə sürətli azalma ola bilər. Zülal az, şirniyyat çox olarsa əzələ itkisi və yağ artımı mümkündür”.
O bildirib ki, oruc tutan insanların qidalanmasında əsas prinsip qan şəkərini sabit saxlayan, uzunmüddətli toxluq verən, həzm sistemini yormayan qidalardır.
“Kifayət qədər zülal (yumurta, qatıq, ət, toyuq, paxlalılar), kompleks karbohidrat (tam buğda çörəyi, qarabaşaq, bulqur), sağlam yağlar (zeytun yağı, qoz), bol su (iftar–imsak arası 1.5–2 litr) olmalıdır”, - F. Səfərov vurğulayıb.
.jpg)
İmsak və iftarda bu qidalara diqqət edin
F. Səfərov imsakda və iftarda hansı qidaların üstünlük təşkil etdiyini də deyib:
"İmsakda (sahurda) uzunmüddətli toxluq verən qidalara, yəni yumurta, kəsmik və ya qatıq, tam buğda çörəyi, yulaf, qoz, badam, tərəvəzə üstünlük verin. Sadə şəkərli qidalar (ağ çörək, şirniyyat) tez acıtdırır. İftarda isə orucu ənənəvi olaraq su və xurma ilə açmaq tövsiyə olunur (həddindən artıq deyil). Yüngül şorba içmək məsləhətdir. 10–15 dəqiqə fasilə edilməlidir. Əsas yemək zülal, tərəvəz və az miqdarda kompleks karbohidratın qəbul edilməsidir. Birdən-birə çox yemək mədə ağrısı, köp, reflüks riski yaradır. Orucu açdıqdan sonra ümumilikdə 2–3 qidalanma kifayətdir. Yumurta, yulaf, paxlalılar və zülalın lif ilə kombinasiyası, sağlam yağ əlavə olunmuş yeməklər daha çox tox tutur. Ən çox acıtdıranlar isə şəkərli şirniyyatlar, ağ undan hazırlanmış qidalar, qazlı içkilərdir. Əgər məqsəd çəki azaltmaqdırsa, oruc dövrü metabolizmi tənzimləmək üçün yaxşı fürsət ola bilər. Amma porsiya və qida keyfiyyəti nəzarətdə olmalıdır”.
Yaşa görə qidalanma fərqlidir
O, yaşa görə qidalanmanın fərqləndiyini bildirib.
“Uşaqlar və yeniyetmələr artım dövründə olduqları üçün zülal və kalsium daha önəmlidir. Uzunmüddətli aclıq onlar üçün uyğun olmaya bilər. Yetkinlərdə (18–60 yaş) balanslı qidalanma və porsiya nəzarəti əsasdır. Yaşlılarda susuzlaşma riski yüksəkdir. Qan şəkəri və təzyiq dalğalanmaları mümkündür. Daha yüngül, tez həzm olunan qidalar seçilməlidir. Xroniki xəstəliyi olanlar mütləq həkimlə məsləhətləşməlidir”, - o əlavə edib.
.jpg)
Xroniki xəstəlikləri olan şəxslər oruc tutanda bunlara diqqət etməlidirlər
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədovun açıqlamasına görə, oruc tutmaq sağlam insanlar üçün ümumiyyətlə, təhlükəsiz hesab olunur:
“Amma düzgün qidalanma olmadıqda, xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə sağlamlıq riskləri yarana bilər”.
O bildirib ki, beynəlxalq diabet federasiyası və bir sıra klinik tədqiqatların nəticələrinə görə, xüsusilə şəkərli diabet xəstələri üçün əsas risk hipoglikemiya, hiperglikemiya, dehidratasiya və tromboz riskinin artması ilə bağlıdır:
“Buna görə də bu xəstələr sahurda aşağı qlisemik indeksə malik kompleks karbohidratlar, məsələn, tam taxıllar, paxlalılar və liflə zəngin qidalar qəbul etməlidirlər. Sadə şəkərlərdən və sürətli sorulan karbohidratlardan uzaq durmalıdırlar. Çünki bu məhsullar iftardan sonra qanda qlükozanın sürətli yüksəlməsinə və sonradan kəskin enməsinə səbəb olur. Ürək-damar xəstəlikləri və arterial hipertenziyası olan şəxslərdə əsas problem maye və elektrolit balansının pozulmasıdır. Çünki uzun müddət susuz qalmaq qan qatılığını artıraraq tromb riskləri yüksəldə bilər. Buna görə də, iftar və sahur arasında kifayət qədər maye qəbul etmək, gündəlik ən azı 1.5–2 litr su içmək, eyni zamanda duzlu, konservləşdirilmiş və yüksək natrium tərkibli qidalardan uzaq durmaq tövsiyə olunur".
O qeyd edib ki, həzm sistemi xəstəlikləri olan şəxslər üçün xüsusilə yağlı, qızardılmış, çox ədviyyəli və turş qidalar reflüks və qastrit simptomlarını ağırlaşdıra bilər.
"Buna görə də daha çox qaynadılmış, buxarda hazırlanmış və asan həzm olunan qidalara üstünlük verilməlidir, zülal mənbəyi kimi isə yağsız ət, balıq və süd məhsulları seçilməlidir. Aşağı arterial təzyiqdən əziyyət çəkən şəxslər üçün isə əsas risk ortostatik hipotoniya və halsızlıqdır. Buna görə də maye qəbulu artırılmalı, elektrolit balansı qorunmalı və uzun müddət ac qalmağa baxmayaraq qidalanma intervalında balanslı enerji təmin edilməlidir”, - Emin Məmmədov bildirib.