LƏNKƏRAN, 16 iyun. TELEQRAF

Dövlət Proqramının Tədbirlər Planında müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması, sudan faydalı istifadə göstəricisinin isə 45 faizdən 95 faizə çatdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bununla yanaşı, Qəbələ və Salyan rayonları ərazisində 20 min hektar sahənin konsolidasiyası və həmin sahələrdə təsərrüfatdaxili suvarma şəbəkələrinin qurulması da planlaşdırılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu hədəflərin müəyyən edilməsi təsadüfi deyil:

"Məlum olduğu kimi, müasir dövrdə kənd təsərrüfatı sektoru ölkəmizin ümumi su ehtiyatlarının ən böyük istehlakçılarından biri olaraq qalmaqdadır. Bu baxımdan su ehtiyatlarının düzgün idarə olunması həm aqrar sektorun inkişafının, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.

Ölkənin ümumi ərazisinin yarısından çoxu, yəni 4,8 milyon hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır. Suvarmaya yararlı 3,2 milyon hektara yaxın torpaq sahəsinin 1430 min hektarı hazırda suvarılır. Bu torpaqların 610 min hektarı kollektor-drenaj şəbəkəsi ilə təchiz edilib.

Eyni zamanda, mövcud statistik məlumatlar göstərir ki, istehsal olunan kənd təsərrüfatı məhsullarının əksər çox hissəsi də məhz bu suvarılan sahələrdən əldə olunur".

Rafiq Aslanov bildirib ki, ölkədə bitkiçilik məqsədilə istifadə olunan geniş torpaq sahələrinin mövcudluğuna baxmayaraq, müasir suvarma sistemləri ümumi əkin sahələrinin təxmini 10 faizini əhatə edir:

"Bu isə kənd təsərrüfatında suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir. Digər tərəfdən, ölkə ərazisində əsasən klassik suvarma üsullarından, xüsusilə selləmə suvarmadan geniş istifadə olunur. Selləmə suvarma zamanı əkin sahələrinə verilən suyun müəyyən hissəsi ərazinin relyefindən, sahənin hamarlıq səviyyəsindən, torpağın sukeçirmə qabiliyyətindən və mövcud suvarma şəbəkələrinin texniki vəziyyətindən asılı olaraq itkiyə gedir. Bu itkilər isə qrunt sularının səviyyəsinin qalxmasına, əkin sahələrinin deqradasiyaya uğramasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Cənab Prezidentin uzaqgörənliyi və verdiyi tapşırıqlar sayəsində respublika ərazisində, o cümlədən Lənkəran-Astara iqtisadi rayonun ərazisində Agentlik tərəfindən müasir su təsərrüfatı infrastrukturunun qurulması və inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş və hazırda da bu işlər davam etdirilir".