BAKI, 16 iyun. TELEQRAF

Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən hakimlərin biliklərinin artırılması, xarici ölkələrin məhkəmə təcrübələrinin öyrənilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Şuradan Teleqraf-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə respublikanın müxtəlif birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilmiş 34 hakim, Hakimlərin Seçki Komitəsinin üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Zahid Məmmədov, Məhkəmə-Hüquq Şurasının Aparatının və Ədliyyə Akademiyasının nümayəndələrinin iştirakı ilə cari ilin 7-12 iyun tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində təlim səfərində olublar.

Türkiyənin Ədliyyə Akademiyasında keçirilən təlimlərdə türkiyəli hakimlər tərəfindən hakimlərə Türkiyənin hüquq sistemi, hakimlərin statusu, ixtisaslaşmış məhkəmələrin, habelə ədliyyə, prokurorluq orqanlarının fəaliyyəti barədə məlumat verilib.
Həmçinin səfər çərçivəsində hakimlər və nümayəndə heyəti İstanbul Ədliyyə Sarayında fəaliyyət göstərən məhkəmələri ziyarət edib, yaradılan şəraitlə tanış olublar.

Eyni zamanda hakimlərin asudə vaxtlarının səmərəli təşkili və dünya görüşlərinin artırılması məqsədilə Türkiyənin turizim mərkəzlərinə və tarixi abidələrinə də ziyarəti təşkil edilib.