BAKI, 16 iyun. TELEQRAF

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin formalaşdırılması, aparılması və istifadəsi Qaydaları”nda, eləcə də elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Xidmətlərinin Elektron Reyestrinin fəaliyyəti yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Dəyişikliklər dövlət xidmətlərinin göstərilməsi, qeydiyyatı və idarə olunması mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Sənədə əsasən, dövlət xidmətlərini göstərən qurumların dairəsi genişləndirilir, xidmət təminatçısı və xidmət istifadəçisi anlayışları yenilənir, Elektron Reyestrin formalaşdırılması və istifadəsi qaydaları dəqiqləşdirilir.

Bununla yanaşı, xidmət təminatçıları tərəfindən reyestrə daxil edilən məlumatların təsdiqi zamanı təkmil sertifikatlı gücləndirilmiş elektron imzadan istifadə olunacaq. Elektron Reyestrdə qeydiyyata alınan dövlət xidmətləri barədə məlumatların yenilənməsi, dəyişdirilməsi və çıxarılması prosedurları da yenidən müəyyənləşdirilib.

Qərarla elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, istifadəçilər üçün Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə elektron kabinet imkanları yaradılacaq, göstərilən xidmətlər və sorğular barədə məlumatların əldə olunması sadələşdiriləcək.

Həmçinin Dövlət Xidmətlərinin Elektron Reyestrində qeydiyyata alınan xidmətlərin elektronlaşdırılması ilə bağlı məlumatların real vaxt rejimində “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə ötürülməsi təmin ediləcək.