2026-cı il Dünya Çempionatının G qrupunda İran - Yeni Zelandiya matçında iki komandanı təxminən 4 dəqiqə ərzində səhv salan TRT-nin şərhçisi Murat Ekrem Çimen barədə qərar verilib.

Teleqraf xəbər verir ki, baş verən hadisədən sonra telekanal şərhçini Dünya Çempionatı yayım heyətindən uzaqlaşdırıb.

TRT hadisə ilə bağlı üzr istəyərək inzibati araşdırmaya başlanıldığını açıqlayıb.

Qeyd edək ki, Murat Ekrem Çimen 2:2 hesabı ilə başa çatan görüşdə İranın hücumlarını Yeni Zelandiyanın, Yeni Zelandiyanın yaratdığı təhlükəli vəziyyətləri isə İranın hücumları kimi təqdim edib. Səhv xüsusilə İran millisinin hücumçusu Mehdi Tareminin ekranda yaxın planda göstərildiyi anlarda daha aydın hiss olunub. Daha sonra yayım zamanı qısa düzəliş edilərək problem aradan qaldırılıb.

Yayım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qarşılaşma həm nəticəsi, həm də yayım zamanı baş verən insidentlə gündəmə gəlib.