BAKI, 3 oktyabr. TELEQRAF
Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
Teleqraf mərhumun yaxınlarına istinadən xəbər verir ki, sabiq nazir Bakının Şüvəlan qəsəbəsində yaşadığı evdə dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyev ilə əlaqədar bu gün saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.
Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 1967–1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.
1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi fəaliyyətə başlayıb. 1977-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə isə 1-ci Moskva Tibb İnstitutunun aspiranturasına qəbul olunub.
1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyasını müdafiə edərək, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2003-cü ildə isə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.
Oqtay Şirəliyev 20 oktyabr 2005-ci il tarixli Prezident Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. 12 avqust 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.