BAKI, 24 sentyabr. TELEQRAF

Tərtər rayonunun “Ağdərə” restoranında saxta alkoqollu içkilər aşkarlanıb.

Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Rayonun Şıxarx qəsəbəsində fəaliyyət göstərən restoran Nəbiyeva Vəfa Əsəd qızına məxsusdur.

"Baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyasına təqdim olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd edilib.