BAKI, 2 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara Pedaqoji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları, Astara Pedaqoji Kollecinin rəhbər şəxsləri və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə görülən işlərdən, fövqəladə hallar sahəsində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
Nümunəvi dərsdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
İnteraktiv formada keçən tədbirdə suallar ətraflı cavablandırılıb.