
BAKI, 28 aprel. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə" nominasiyasında mükafata layiq görülüb.
QSC-dən Teleqraf-a bildirilib ki, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsinə yönəlmiş davamlı fəaliyyəti, tətbiq etdiyi qabaqcıl yanaşma və həllər, yüksək komanda işi dəmiryolçuların təhlükəsiz və sağlam iş mühitində çalışmasını təmin edir.
QSC mülki müdafiə qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin iştirakı ilə davamlı olaraq taktiki-xüsusi təlimlər keçirir, təlimlərə ADY-nin fövqəladə hallar və yanğından mühafizə qatarları, mülki müdafiə qüvvələri və aidiyyəti struktur bölmələrinin işçi heyəti, həmçinin FHN-in, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Tibbi Xidməti cəlb edilir. Bu təlimlər ADY-nin əməyin mühafizəsi sahəsindəki davamlı öhdəliklərini göstərir. Təlimlərin əsas məqsədi fövqəladə hallar barədə xəbərdarlıq edilməsi və onların nəticələrinin aradan qaldırılması üçün idarəetmənin təşkili üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsi olub.
Qurum bu cür mütəmadi təlimlər keçirməklə həm dəmir yolu işçilərinin təhlükəsizliyini təmin edir, həm də bu sahədə yüksək standartları qoruyaraq əməyin mühafizəsinə verdiyi önəmi bir daha nümayiş etdirir.