
BAKI, 24 mart. TELEQRAF
“Bu gün səhər bizə xəbər verdilər ki, Eritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirilir. Sevinc içində Heydər Əliyev Beynəlxalq Hava Limanına getdik. Bir qədər sonra təyyarə yerə endi. 5 ay çəkən ayrılıqdan sonra həyat yoldaşım sağ-salamat ailəsinə qovuşdu”.
Bunu Teleqraf-a açıqlamasında “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialının istismar etdiyi “CMS İgid” gəmisinin baş mühəndisi Elşən Osmanovun həyat yoldaşı Fatma Osmanova deyib.
O söyləyib ki, həyat yoldaşını qarşılamağa oğlu və qohumları ilə birlikdə gedib: “Neçə ay idi bir-birimizi görmürdük, görüşəndə sevindik. Çünki çox darıxmışdıq. Yoldaşım da çox darıxıb. Elşən müəllim hələ tələbəlik illərindən gəmidə işləyir. 14 ildir “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialında çalışır. Amma heç vaxt belə uzunmüddətli səfərdə olmamışdı. Ən uzunmüddətli səfəri bu oldu”.
Fatma Osmanova qeyd edib ki, həyat yoldaşının durumu yaxşıdır, səhhətində heç bir problem yoxdur: “Şükür Allaha, özünü yaxşı hiss edir. Mən həkiməm, ilkin müayinədən keçirmişəm. Hər hansı problem mövcud deyil. Əgər zərurət olsa, əlavə müayinədən də keçəcək”.
O həmçinin bildirib ki, ötən ilin noyabrın 7-dən sonra həyat yoldaşı ilə yalnız bir dəfə telefonla danışa bilib: “Bu danışıq yalnız məsələ mətbuata çıxandan sonra mümkün oldu. Həmin danışıqdan sonra əlaqə tamamilə kəsilmişdi. Eriteriyada saxlanılan gəmilərin heyət üzvlərinin azad olunaraq ölkəmizə gətirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edirik. Xarici İşlər Nazirliyi və Efiopiyadakı səfirliyimizin gərgin əməyi nəticəsində gəmidə saxlanılan azərbaycanlılar azad olundu. Bizi qovuşdurduqlarına görə çox sağ olsunlar. Bu işdə əməyi olan insanların hamısına minnətdaram”.
Qeyd edək ki, ötən il noyabrın 7-dən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan vətəndaşı uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, martın 24-də ölkəyə gətirilib.