BAKI, 25 mart. TELEQRAF

"Son günlər Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı pedofildən uşaq dünyaya gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb".

Teleqraf xəbər verir ki, bunu "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, məhkəmənin hökmü ilə həmin pedofilə 6 il azadlıqdan məhrumetmə cəzası verilib, lakin onun cəzası şərti hesab olunub və 1 il sınaq müddəti təyin edilməklə Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb: "Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir".

K.Ağazadə bunun inandırıcı olmadığını vurğulayıb.

O, məsələyə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin də məsuliyyət daşıdığı bildirib:

"İcra Hakimiyyəti guya məsələni nəzarətə götürüb. Nə edirlər ki? Yəqin gedib oğlanla qızın hansı otaqda yatdıqlarını monitorinq edirlər. Yox, 18 yaşadək evcik-evcik oynayacaqlar. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Bu, valideynlərin məsuliyyətsizliyinin və uşaqların təhlükəsizliyini qorumaq və hüquqlarını müdafiə etmək öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir".

K.Ağazadənin sözlərinə görə, pedofilin qaynanası qızın öz evlərində qalacağını və qız isə gedə bilməyəcəyini deyir: "Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?".

Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir.

"Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək ört-basdır edir? Bu cür məsələlərdə qanun pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib", - K.Ağazadə bildirib.