BAKI, 25 mart. TELEQRAF

Ağcabədidə 13 yaşlı qız 24 yaşlı şəxsdən uşaq dünyaya gətirib. "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin iddialarına görə həmin şəxsə 6 il azadlıqdan məhrumetmə cəzası verilib, lakin onun cəzası şərti hesab olunub və 1 il sınaq müddəti təyin edilməklə Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. Həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Ailəsi isə qızdan imtina edib.

Mövzu ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətindən Teleqraf-a bildirilib ki, məsələ icranın nəzarətindədir: “Bununla bağlı İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür. Bu, ötən ildən davam edən prosesdir. Qanunvericiliyə uyğun tədbirlər görülüb. Məlumatları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verəcəyik. Hazırda qeyri-iş günləri olduğu üçün mətbuata dəqiq məlumat verə bilmirik”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Teleqraf-a bildirilib ki, hazırda azyaşlı və körpə rayon İcra Hakimiyyətinin nəzarətindədir və mütəmadi olaraq yoxlanılır:

“Ağcabədi rayonu Hindarx qəsəbə sakini ilə azyaşlı qız arasında rəsmi nikah münasibətləri olmadan yaxın əlaqə olub. Bu əlaqə nəticəsində azyaşlı hamilə qalıb. Nəticədə kişi cinsinə mənsub körpə dünyaya gəlib. Azyaşlının hamilə olması faktı Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən aşkar olunub və nəzarətə götürülüb. Doğuşa qədər azyaşlı rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi həkim yoxlanışına aparılması təmin edilmiş və riskli hamilə olaraq qeydiyyata alınıb.
Bundan əlavə, hadisə ilə bağlı azyaşlının təhsil aldığı Etibar İsmayılov adına Hindarx 1 saylı məktəbin direktoru Qarayev Qaryağdı Kərəm oğlu nəzarətsizlik səbəbilə işdən azad olunub. Azyaşlı ilə münasibətdə olan şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib”,- məlumatda qeyd olunur.