BAKI, 24 mart. TELEQRAF

2024-cü il iyun ayından başlayaraq zorakılıq törədən kişilərlə psixoloji konsultasiyalara başlanılıb və yanvar ayında yekunlaşıb. Ümumilikdə 102 müraciət qeydə alınıb. 102 nəfərdən 32-si ali təhsilli, 58-i orta təhsilli, 12-si isə natamam orta təhsilli idi. Eyni zamanda, 102 nəfərdən 48-i işsizdir və 71-i 3 ildən çoxdur ki, evlidir. Qeyd etmək lazımdır ki, bu müraciətçilərdən 61 nəfəri 4 və ya daha çox seansa davam edib. Digər 41 nəfər isə seanslara davam etməyib.

Teleqraf xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova birliyin zorakılıq törədən və yaxud zorakılığa meyilli kişilərə "Psixoloji dəstək proqramı" çərçivəsində görülən işin icmalı barədə məlumat verərkən qeyd edib.

Onun sözlərinə görə, seanslar zamanı əsas hədəf zorakı meylləri aradan qaldırmaq və şəxsin mənəvi rifahını təmin etmək idi.

"Buna görə də şəxslərdə zorakı davranışların səbəbləri müəyyənləşdirilməyə çalışılıb. Müqayisəli təhlil aparmaq üçün bir sıra göstəricilər qeydə alınıb. Məsələn, müraciət edənlərin təhsili, iş imkanları, intellektual göstəriciləri, evliliyin müddəti və digər faktorlar zorakı davranışa nə dərəcədə təsir edə biləcəyi ilə əlaqələndirilib.

Seanslar zamanı zorakı davranışların səbəbi kimi müəyyənləşdirilən əsas faktorlar aşağıdakılardır:

- Ailədaxili münasibətlərdəki problemlər – Çox hallarda zorakılıq, əvvəlki ailə təcrübələrindən, valideynlərin münasibətindən və uşaqlıq dövründəki təcrübələrdən qaynaqlanır. Bu, qarşı tərəfə qarşı mənfi hisslər və davranışlara səbəb ola bilər.
- Emosional tənzimləmə problemləri – Bəzi şəxslər, emosiyalarını idarə etməkdə çətinlik çəkir. Xüsusilə, stress, narahatlıq və ya qəzəb kimi hisslər qarşısında adekvat reaksiya verməkdə çətinlik yaşayırlar. Bu da zorakılığa yönələn davranışlara səbəb ola bilər.
- Cəmiyyətin və mədəniyyətin təsiri – Cəmiyyətin "kişinin gücü" və ya "kişilər zorakı olmalı" kimi yanlış stereotipləri zorakılığı təşviq edə bilər. Bu baxışlar, kişilərin güc və hakimiyyətlə əlaqəli problemləri zorakılığa çevirmələrinə səbəb ola bilər.
- Özünə inamsızlıq və cinsi kimlik böhranı – Özünə inamsızlıq və ya cinsi kimliklə bağlı qarışıqlıq yaşayan şəxslərdə, güc nümayişi olaraq zorakılıq davranışları ortaya çıxa bilər. Bu, həmin şəxslərin öz güvənini və statuslarını qazanmaq üçün seçdikləri bir yol ola bilər.
- Alkoqol və narkotik maddələrin təsiri – Maddə asılılığı da zorakılığa səbəb olan amillərdən biridir. Alkoqol və narkotik maddələr, şəxslərin zehni vəziyyətini pozaraq, impulsiv və agresiv davranışları artırır.
- Psixoloji travmalar – Uşaqlıq dövründə yaşanan zorakılıq və digər travmatik təcrübələr, şəxsin böyüdükdən sonra zorakı davranışlara səbəb ola bilər. Bu travmalar uzun müddət həll olunmadıqda, agresiyanın əsas mənbəyinə çevrilir.
- Ünsiyyət çatışmazlıqları – Zorakılığa meyilli şəxslər çox vaxt ünsiyyət bacarıqlarından məhrumdurlar. Bu da onların problemləri həll etməmələrinə və mübahisələri zorakılığa çevirmələrinə səbəb olur",- məlumatda qeyd olunub.