BAKI, 25 mart. TELEQRAF

“Dərman istifadə edənlər həkimlə məsləhətləşərək dərman saatlarını tənzimləməlidirlər. İftar və imsakda qidalanmaya diqqət edilməlidirlər. Pəhriz qidası olmaqla, sağlam yağlar, kompleks karbohidratlar və protein balanslı qəbul olunmalıdır. Kifayət qədər su içmək orqanizmin sağlamlığını qorumaq üçün vacibdir".

Bunu Teleqraf-a açıqlamasında Tibb Universiteti Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli deyib.

O qeyd edib ki, şiddətli xəstəlikləri olan şəxslər üçün oruc təhlükəli ola bilər və bu səbəbdən həkim icazəsi olmadan oruc tutmamalıdırlar.

"Diabet xəstələri, ürək xəstəliyi olanlara, immuniteti və bədən müqaviməti aşağı olanlara, yeni əməliyyat keçirmiş şəxslərə, hamilə qadınlara və ya süd verən analara oruc tutmaq tövsiyə edilmir. Bunlardan başqa digər xroniki xəstəlikləri və ya hər hansı sağlamlıq problemi olan insanlar da oruc tutmaq üçün həkimləri ilə məsləhətləşməlidirlər. Yüngül xəstəlikləri olan şəxslər də həkim nəzarəti ilə oruc tuta bilərlər”.

Məktəb yaşlı uşaqlar oruc tutarsa...

F.Əli məktəb yaşlı uşaqlara oruc tutmağı tövsiyyə etmir.

"Özümə borc bilirəm deyəm ki, məktəb yaşlı uşaqların oruc tutması məsləhət deyil. Çünki onların orqanizmi sürətli inkişaf mərhələsindədir, bu səbəbdən səhhətlərində müxtəlif pozğunluqlar yarana bilər.

Son olaraq Nizami Gəncəvinin belə bir kəlamını xatırlatmaq istərdim “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Hər şey norma daxilində olduqda insan daha rahat olur. İslam dinində də səhhətində hər hansı sağlamlıq təhlükəsi olduqda oruc tutmaq məsləhət olunmur. Əsas məsələ sağlam qalmaq və orqanizmin ehtiyaclarını düzgün idarə etməkdir”, - həkim vurğulayıb.