
BAKI, 25 mart. TELEQRAF
Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqların nəticəsinə dair bəyanat yayılıb.
Teleqraf xəbər verir ki, bəyanatı rəsmi Kreml yayıb.
Bəyanatda bildirilir ki, Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracının bərpası ilə bağlı razılıq əldə ediblər. Razılaşma kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsini qadağan edir.
İkincisi, ABŞ Rusiyanın qlobal kənd təsərrüfatı bazarlarına çıxış əldə etməsinə kömək etməyə razılaşıb. Bu da sığorta xərclərini azaldacaq və ixrac üçün limanlar açacaq. Bundan əlavə, tərəflər 2025-ci il martın 18-dən başlayaraq bu müddətin uzadılması imkanı ilə 30 gün müddətində enerji infrastrukturu obyektlərinə hücumların qadağan edilməsi barədə razılığa gəliblər.
Sazişlərin qüvvəyə minməsi üçün “Rosselxozbank”a qarşı sanksiyaların ləğvi və onun SWIFT sisteminə qoşulması, ixracatçılar, sığorta şirkətləri və gəmilər üçün məhdudiyyətlərin aradan qaldırılması, kənd təsərrüfatı texnikalarının Rusiyaya çatdırılmasının bərpası da daxil olmaqla bir sıra şərtlər yerinə yetirilməlidir.
Kreml həmçinin bu sazişlərin həyata keçirilməsində üçüncü ölkələrin dəstəyini alqışlamağa hazır olduğunu bildirib və davamlı sülh yaradılması üzərində işi davam etdirmək niyyətini təsdiqləyib.
Qeyd edək ki, bir gün əvvəl Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub . Görüş ümumilikdə 12 saat davam edib.