BAKI, 24 mart. TELEQRAF

“Hazırda körpənin müayinə və müalicələri stasionar qaydada davam etdirilir, vəziyyəti qənaətbəxşdir”.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, 2024-cü il təvəllüdlü azyaşlı martın 17-də polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib:

"Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik diaqnozu qoyulub. Azyaşlıya lazımi tibbi xidmətlər göstərildikdən sonra 19 mart saat 13:30 tarixində Tovuz RMX-nin Pediatriya şöbəsinə köçürülüb”, - TƏBİB-dən qeyd olunub.

Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub. O, Tovuz Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, uşağın anası Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.