BAKI, 24 mart. TELEQRAF

“Azərbaycanın təşkilatımıza 9-cu üzv ölkə olaraq qəbul edilməsi nizamnamədə nəzərdə tutulan hədəflərə çatmaq, təşkilatın qarşısında geniş imkanlar açmaq və burada təmsil olunan dövlətlər arasında əməkdaşlığı möhkəmləndirmək baxımından mühüm əhəmiyyətə malikdir”.

Teleqraf xəbər verir ki, bu barədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatından bildirilib.

Qeyd olunub ki, Azərbaycan tərəfinin martın 19-da D-8 təşkilatının nizamnaməsini qurumun Türkiyənin İstanbul şəhərində yerləşən Katibliyinə rəsmən təqdim etdiyi açıqlanıb.

Məlumatda, həmçinin, ölkəmizin 2024-cü il, 19 dekabr tarixində Misirin Qahirə şəhərində keçirilən XI Sammitində təmsil olunduğu və iştirakçı ölkələrin yekdil qərarı ilə bu qurumun tamhüquqlu üzvünə çevrildiyi xatırladılıb.

Bildirilib ki, sözügedən qərardan sonra Azərbaycan tərəfinin D-8 təşkilatının nizamnaməsinin ratifikasiyası prosesinə başlanılıb və bununla əlaqədar 2025-ci il, martın 7-də Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb.