
BAKI, 20 mart. TELEQRAF
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
DİN mətbuat xidmətindən Teleqraf-a daxil olan məlumata görə, bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağa çağırır və qaydalara riayət etməyi tövsiyə edir:
"Sürət həddini hava şəraitinə uyğun seçin. Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət olduqda duman faralarından istifadə edin. Ötmə və kəskin manevrlərdən çəkinin. Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırın. Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun" - deyə, tövsiyədə qeyd olunub.
BDYPİ hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.