BAKI, 20 mart. TELEQRAF

Azərbaycana yaz fəsli bu gün saat 13:01-də daxil olub.

Bu barədə Teleqraf-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu zaman yaz gecə və gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Yaz bərabərliyindən sonra Şimal yarımkürəsində gündüzlər uzanır, gecələr isə qısalır.

Qeyd edək ki, ölkəmizdə və çox ölkələrdə yaz bərabərliyi günü Novruz bayramı kimi qeyd olunur. Həmçinin Hindistan, Yaponiya, Meksika kimi ölkələrdə yaz bərabərliyi günü milli bayramlardan biridir.

Qədimdə insanlar üçün əsas qida mənbəyi əkinçilik olduğu üçün fəsillərin başlanğıcını bilmək çox önəmli idi və təqvimlər belə yaranıb. Təqvimləri isə göydə cisimlərinin səmada mövqeyinə əsasən tərtib etdiklərinə görə astronomiya elminin əsası qoyulub. Həmin dövrlərdə insanlar səma cisimləri və müxtəlif ünsürlərə sitayiş edir, fəsillərin daxil olma günlərini bayram kimi qeyd edirdilər. Beləliklə günümüzə qədər gəlib çatmış bu bayramlar dünya xalqlarının mədəniyyətinin bir hissəsinə çevrilib.