BAKI, 21 mart. TELEQRAF

"2024-cü ilin dekabrından bəri 1,2 milyon insan Suriyada öz evlərinə qayıdıb. Onlardan 885 mini məcburi köçkün, 302 mini isə qaçqın olub".

Teleqraf xəbər verir ki, bunu BMT baş katibinin xüsusi nümayəndəsi Adam Abdelmoula qurumun Nyu-Yorkdakı Baş Qərargahında keçirilən gündəlik mətbuat konfransında bildirib.

"Suriya kritik dönüş nöqtəsindədir. Lakin 14 illik münaqişə və 16,5 milyon insanın humanitar yardıma ehtiyacı olması Suriyanı dünyanın ən böhranlı ölkəsinə çevirib", - Abdelmoula deyib.

O, Türkiyədən gələn yardım karvanlarının sayının ilin əvvəlindən bu yana 678-ə çatdığını bildirib.

"2024-cü ildən etibarən göndərilən yardımlarda yeddi qat artım olub, bu il Türkiyədən 678-dən çox yük maşını gəlib", - Abdelmoula bildirib.

BMT koordinatoru həmçinin Suriyada minaların böyük təhlükə yaratdığını və 2024-cü ilin dekabrından bu yana 600-dən çox insanın onun qurbanı olduğunu bildirib.