BAKI, 12 mart. TELEQRAF

“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) İctimai Şuranın yeni heyətdə ilk iclası keçirilib.

Teleqraf xəbər verir ki, müzakirələrin əsas məqsədi gənclərin televiziyaya marağının artırılması üçün silsilə verilişlərin hazırlanması, müasir çağırışların analizi və tətbiqi olub.

AzTV QSC-nin sədri Rövşən Məmmədov bu istiqamətdə aidiyyəti təlimatlar verərək, sosial media seqmentinin inkişafından danışıb, gənclərin sosial mediadan adekvat istifadəsinin zəruriliyini vurğulayıb. Bundan əlavə, İctimai Şuranın iclasında bölgələrdə yerli ictimaiyyətlə görüşlərin keçirilməsi, ictimai-siyasi verilişlərin televiziya və radioda daha dinamik yayımlanmasının vacibliyi, qısametrajlı filmlərin çəkilişi kimi məsələlərə toxunulub, bu sahədə AzTV QSC-nin gördüyü fəaliyyətdən danışılıb.

Qeyd edək ki, İctimai Şuranın yeni tərkibi aşağıdakı heyətdən ibarətdir:

Xalq artisti Rasim Balayev

AMEA-nın vitse-prezidenti, Akademik Rasim Əliquliyev

Əməkdar jurnalist, Professor Qulu Məhərrəmli

Professor, nitq üzrə mütəxəssis Sevinc Əliyeva

Xalq yazıçısı Natiq Rəsulzadə

BDU-nun jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev

Jurnalist, blogger, səyyah Azər Qərib

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova

Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev

Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı

Professor, siyasi elmlər doktoru, "Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri Elçin Əhmədov