BAKI, 12 mart. TELEQRAF

Xocalıda minaya düşən Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov evə buraxılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21.02.2025-ci il tarixində saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.

N.İmanova tibb müəssisəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent 10.03.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb",- məlumatda bildirilib.

Xatırladaq ki, N.İmanov bu ilin fevralın 21 -də Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşüb.

Ağdərənin Sırxavənd kəndindən olan N.İmanovun 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. O, Birinci Qarabağ müharibəsində tabor komandiri olub.