
BAKI, 26 fevral. TELEQRAF
Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımından 33 il ötür.
Teleqraf xatırladır ki, erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə divan tutub.
Erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi.
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi soyqırımı nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-nin taleyi isə indiyədək məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilmişdir.
Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmırdı, eyni zamanda həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü.
Rəsmi rəqəmlərə əsasən, Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğalı nəticəsində 7161 dinc sakinin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub.
Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir.
Soyqırımın əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı "Xocalı Soyqırımı Günü" elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Bundan başqa, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası həyata keçirilir.Bu çərçivədə müxtəlif ölkələrdə tədbirlər, konfranslar və sərgilər təşkil olunur.
Xocalıda baş verənlərin soyqırımı aktı kimi tanınması istiqamətində rəsmi Bakı aktiv siyasi xətt həyata keçirmişdi. Nəticədə Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi isə Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.
Bu illər ərzində siyasi arenalarda Xocalıya əldalət tələb edilsə də, dünya ictimaiyyətindən səs-soraq çıxmadı. Tarixi ədaləti isə Azərbaycan Ordusu bərpa etdi. 2020-ci il Vətən müharibəsindən sonra, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın müvafiq bəndlərinə əsasən, Xocalıya Rusiya sülhməramlı qüvvələri yerləşdirildi.
Bununla belə, hələ də separatçı rejimin qalıqları sülhməramlı qüvvələrin kölgəsində gizlənərək Azərbaycan Ordusuna qarşı təxribatlar törədir və nəticədə hərbi qulluqçular şəhid olurdular.
Nəyahət, Xocalı və ətraf ərazilər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Bundan başqa, dövlət başçısının 18 sentyabr 2024-cü il sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Həmçinin Prezident İlham Əliyev fevralın 25-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması barədə sərəncam imzalayıb.
Artıq bir zamanlar həsrətlə işğaldan azad olunacağını gözlədiyimiz Xocalıda sakinlər də qayıdıb. Belə ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Xocalı rayonunun Ballıca kəndi sakinlərə qucaq açıb.
Bu günə qədər Ballıcıya ümumilikdə 112 ailə (562 nəfər) köçürülüb.
Azərbaycanın üçrəngli müstəqillik rəmzi - bayrağı işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Xocalıda da qürurla dalğalanır.