
BAKI, 26 fevral. TELEQRAF
Azərbaycan və Pakistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri və səfər zamanı aparılan müzakirələr, imzalanan sənədlər bu faktı təsdiqləyir.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, iki ölkənin əlaqələri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub: “Münasibətlərin yüksələn xətlə inkişafı üçün dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir. Prezident İlham Əliyevlə Baş nazir Məhəmməd Şahbaz Şərifin görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün istiqamətlərində bir-birimizə dəstəyi davam etdirəcəyik: “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməsinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edib. Təqdirəlayiq haldır ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu ölkə işğalçı siyasətinə görə Ermənistanla heç bir diplomatik münasibət qurmayıb. 44 günlük Vətən müharibəsində də Pakistan birmənalı olaraq Azərbaycanın haqq işini dəstəklədiyini bəyan etdi. Eləcə də, Kəşmir məsələsində də Azərbaycan Pakistanın haqlı mövqeyini dəstəkləyir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir: “Onların sırasında ticarət, sərmayə və enerji məsələsi diqqət mərkəzindədir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlıq da perspektivlidir. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Səfər zamanı imzalanmış dövlətlərarası sənədlər isə əlaqələrimizi daha da gücləndirəcək”.
Sevinc Fətəliyeva qeyd edib ki, ölkələrimiz arasında bu cür möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir: “İllərdir Pakistan hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşularaq, bu qurum çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə etdi. Azərbaycanın D-8-ə üzvlüyü Pakistan da daxil olmaqla, digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb. Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Proseslər göstərir ki, gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının perspektivləri çox böyükdür”.