TBİLİSİ, 6 fevral. TELEQRAF

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində 20 Yanvar şəhidi İsmayıl Mursaqulovun adını daşıyan küçənin köhnəlmiş lövhələri yeniləri ilə əvəzlənib.

Bu barədə Teleqraf-ın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, lövhələrin sıradan çıxması barədə məqalə ilə tanışlıqdan sonra məsələ diqqətə alınıb və Marneuli meriyasına onların yenilənməsi ilə bağlı müraciət edilib.

Meriyanın göstərişi əsasında İsmayıl Mursaqulov küçəsinin iki köhnəlmiş lövhəsi götürülüb və yerində yeniləri quraşdırılıb.

Xatırladaq ki, küçənin lövhələrinin yararsız hala düşməsi və yenilənməsinə ehtiyacın olması barədə məsələni “Teleqraf”ın Gürcüstan bürosunun əməkdaşı qaldırmışdı. “Gürcüstanda 20 Yanvar şəhidinin adını daşıyan küçə - nömrəsiz evlər, köhnəlmiş lövhələr” sərlövhəli məqalə yanvarın 20-də dərc olunub.