BAKI, 30 aprel. TELEQRAF
"Son statistik məlumatlara əsasən məşğul əhalinin 48%-ni, muzdla işləyənlərin isə 41%-ni qadınlar təşkil edir".
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, qadınların yüksək gəlirli məşğulluq imkanlarının artırılması istiqamətində ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib.
“Ümumilikdə özünüməşğulluq proqramına cəlb olunmuş 113 min nəfərdən 31%-ni (35 min) qadınlar təşkil edir. Son illərdə özünüməşğulluq proqramına cəlb olunanların tərkibində qadınların payı daha da artmaqdadır. Təkcə 2026-cı ilin 3 ayı ərzində proqrama cəlb olunan 228 nəfərdən yarıdan çoxunu (115 nəfər) məhz qadınlar təşkil edib”, - o vurğulayıb.
Nazir əlavə edib ki, insan kapitalının inkişafına, rəqabət qabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edən əsas istiqamətlərdən biri də peşə hazırlığı proqramıdır:
“2018-ci ildən etibarən peşə hazırlığına cəlb edilmiş 59 mindən çox şəxsin 61%-ni (36 min nəfər) qadınlar təşkil edib”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbtahimova çıxışında bildirib ki, dövlət həssas qruplara yalnız “həssas yanaşma” ilə kifayətlənməməlidir. Onun sözlərinə görə, inklüzivliyi institusionallaşdırmalıdır:
"Xüsusi müdafiə, reabilitasiya, reinteqrasiya və erkən aşkarlanma mexanizmləri sistemli şəkildə qurulmalıdır. İnklüzivləşmə üçün ayrıca və dayanıqlı büdcə formalaşdırılması vacibdir.
Uşaq hüquqlarının strateji müdafiəsinə xüsusi önəm verilməlidir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafı baxımından kritik risk faktoru kimi qiymətləndirilməlidir. Hüquqi normaların gündəlik həyat davranışlarına çevrilməsi isə əsas hədəflərdən biri olmalıdır".
Neyropsixoloq Aytəkin Aslan isə çıxışında uşaqların psixi sağlamlığı məsələsindən danışıb.
Onun sözlərinə görə, ÜST-nin statistikasına görə, dünya üzrə hər yeddi uşaqdan biri psixoloji problem yaşayır:
"Ailələrdə sağlam ünsiyyətin getdikcə azalması müşahidə olunur. Bu isə nüvə ailələrdə münasibətlərin qeyri-sabitliyinə gətirib çıxarır. Belə mühitdə böyüyən uşaqların psixoloji sağlamlığına ciddi təsir göstərir. Neyropsixoloji tədqiqatlar göstərir ki, emosional ehtiyacları qarşılanmayan uşaqlarda özünəqapanma, diqqət pozğunluğu və aqressiv davranışlar daha çox müşahidə olunur. Əksinə, emosional ehtiyacları dəstəklənən uşaqlar stresslə daha yaxşı mübarizə aparır və özlərini daha rahat ifadə edə bilirlər. Son illərdə uşaqlarda ciddi davranış pozğunluqları müşahidə edilir. Bunun da əsas səbəbi texnologiyalar və ailədaxili problemlərdir".