BAKI, 15 iyul. TELEQRAF
“ASAN xidmət”in yaradılma məqsədi dövlət xidmətlərində şəffaflığı təmin etmək idi. Bu, həm də korrupsiyaya qarşı mübarizə islahatı idi, institusional islahat kimi həyata keçirilməyə başlanmışdı. Bizim əsas vəzifəmiz süründürməçiliyə, korrupsiya hallarına yol verməmək idi".
Bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.
"14 il ərzində daxil olan şikayətləri araşdıranda görürük ki, “ASAN”da bu günə qədər bir dənə də korrupsiya halına aid şikayət yoxdur. Yəni xidmət almağa gələn vətəndaşdan rüşvət istənilməsi və ya rüşvət almaq üçün müəyyən vəziyyət yaradılması halı yoxdur. Bu, çox sevindirici haldır və o deməkdir ki, “ASAN xidmət” ilkin yaranma məqsədinə çatıb", - Dövlət Agentliyinin sədri qeyd edib.
Ü.Mehdiyev edilən şikayətlərin mahiyyətinə toxunub:
"Əlbəttə, şikayətsiz olmaz, insan əməyi olan yerdə problem də ola bilər. Əsasən texniki xarakterli şikayətlər olur. Misal üçün növbə ilə bağlı problemi dediniz, növbə nə zaman yaranır və bununla bağlı şikayət olur? Xidmət verən dövlət orqanının informasiya sistemi hansısa texniki səbəbdən donur və avtomatik vətəndaş problem aradan qaldırılana qədər xidməti gözləməli olur. Bu gün biz dövlət xidmətlərini göstərərkən vətəndaşdan tələb olunan məlumatı informasiya sistemindən götürürük. Elə hallar olur ki, vətəndaşla bağlı hansısa məlumat informasiya bazasında görünmür. Bu zaman artıq ilk növbədə həmin vətəndaşın məlumatını bazaya daxil etmək lazım gəlir, sonra o bazadan informasiya mübadiləsi aparılır.
Bir sözlə, dövlət orqanlarının informasiya sistemlərində bazada məlumatların olmaması və ya sistemdə donma halları şikayətə gətirib çıxara bilir. Yaxud da, "bu mərkəzdə niyə mənim almaq istədiyim xidmət yoxdur" kimi şikayətlər olur. Xidmətin vaxtında göstərilməməsi kimi hallar ola bilər, yəni hansısa xidmət üç gün ərzində göstərilə, yerində baxışa ehtiyac ola bilər, məsələn, texniki şərt verilməlidir və s. Proses tamamlanmadan müddət üç günü keçəndə də vətəndaş şikayət edə bilər. Yəni şikayətlərin ümumi xarakteri bu sadaladığım hallarla bağlı olur, daha çox texniki məsələlərlə əlaqəlidir. Amma bununla bağlı operativ şəkildə həmin dövlət orqanları ilə əlaqə saxlanılır və bu problemin aradan qaldırılması üçün birgə səylər göstərilir ki, vətəndaş narazılığı, problemi həll olunsun".