BAKI, 14 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxs 490 min reabilitasiya vasitəsi ilə təmin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Qeyd olunan reabilitasiya vasitələrindən 3231-i təkərli oturacaq (o cümlədən 135-i mühərrikli təkərli oturacaq), 1506-sı aşağı və yuxarı ətraf protezi, 2445-i isə əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 6654 cüt protez və ortopedik ayaqqabı, 2089 eşitmə aparatı, 162 korset və digər reabilitasiya vasitələri təqdim edilib.

Reabilitasiya vasitələrini almaq üçün Agentliyin Bakıdakı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan şəxslərə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq təhvil verilib.