BAKI, 30 aprel. TELEQRAF

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.

O bildirib ki, həmçinin, ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir.

"Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində görülən işlərə nəzər salsaq, cari ilin birinci rübünün sonuna olan məlumata görə, nazirliyin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb. Həmin müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərilir", - o vurğulayıb.

Nazir əlavə edib ki, bununla yanaşı, nazirliyin sosial sifarişi ilə icra olunan “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi çərçivəsində cari il ərzində 168 nəfər baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşağa sosial xidmət göstərilir:

"2022-ci ildən etibarən uğurla tətbiq olunan himayədar ailə modeli fərdi diqqət və qayğı ilə yanaşı, uşaqların sosiallaşmasına və cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. Bu dövr ərzində 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailəyə verilib".

"Himayədar ailə institutunun inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq əsasla 650 manat, ildə bir dəfə olmaqla 800 manatlıq müavinət təsis edilib", - o vurğulayıb.