BAKI, 12 oktyabr. TELEQRAF

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Sənədə əsasən, 2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Saziş qəbul və təsdiq edilsib, onun həyata keçirilməsinə icazə verilib.

Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçı tərəflərə verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib.

Həmçinin sazişin əsas mətninə edilmiş 10 əlavə qəbul və təsdiq edilib.

Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının müddəalarından üstün tutulur.

Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.