BAKI, 10 oktyabr. TELEQRAF
“Son illər Xəzər dənizinin dayazlaşması ciddi narahatlıq doğurur. Xəzər qapalı su hövzəsi olduğundan dənizin səviyyəsinin daxil olan və gedən sularla əlaqədar dəyişməsi təbiidir. Bu səbəbdən iqlim dəyişmələri ilə əlaqədar Xəzəri qidalandıran əsas çaylarda suyun aşağı enməsi dənizin səviyyəsinə təsir edir. Eyni zamanda, son illər yağıntıların az olması da əsas problemlərdən biridir. Ona görə də, Xəzəryanı ölkələr vəziyyətdən çıxış yolları axtarmaqda davam edirlər”.
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin keçirilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir.
"Xəzər dənizinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir. Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifədir. Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir. Bununla belə, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Sammitdə çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib.
Dövlət başçısının vurğuladığı kimi, Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Hazırda isə Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artmaqdadır. Çünki Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır. Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir”, - deyə Samir Vəliyev qeyd edib.