BAKI, 12 oktyabr. TELEQRAF
"Azərbaycanda dini etiqad azadlığı, ölkə vətəndaşlarına tanınmış konstitusiya hüququdur və hər kəs bundan istifadə edir. Heç bir halda Azərbaycan vətəndaşlarının dini inanc, etiqad azadlığı məhdudlaşdırılmır. Ölkəmizdə məscidlər təmir olunur, yeni məscidlər inşa edilir, işğaldan azad edilmiş ərazilərdə olan bütün dini ibadətgahlar yenidən qurulur, inşa edilir və möminlərin istifadəsinə verilir".
Bunu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hər bir vətəndaşın öz dini azadlığını azad şəkildə yaşadığı halda birdən-birə vahid məktəbli formasının dinin məhdudlaşdırılması kimi təqdim olunması düşmənlərin işidir: “Əgər ünvan göstərmək lazımdırsa, bu çox konkretdir. Dünən Qarabağda ermənilərlə əlbir olub məscidlərimizi dağıdan kimləridirsə, bu gün vahid məktəbli formasını dinə qarşı mövqe kimi təqdim edənlər də onlardır. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra hələ də Xankəndidə qalmış terrorçulara, seprataçılara yardım göndərən kimləridirsə, bu gün də bizim cəmiyyət olaraq dini hisslərimizi manipuliyasiya etməyə cəhd edənlər məhz onlardır”.

Deputat bildirib ki, dini və siyasi şüur baxımdan Azərbaycan cəmiyyəti savadlıdır: “Bir neçə marginal qruplar istinsa olmaqla Azərbaycan cəmiyyəti nəyin və nə üçün baş verdiyini çox yaxşı dərk edir. Sözsüz ki, bu gün ölkəmizdə vahid məktəbli formasının tətbiqini dini mövzuya çevirən iki qrup mövcuddur. Bunlardan biri cənub qonşumuzdur. Bu məsələlərin arxasında dayanan, daima erməniləri müdafiə edən Zəngəzur dəhlizinə qarşı çıxan, Qarabağdakı məscidlərimizi dağıdan, ermənilərə dəstək verən və İrəvandakı məscidimizi fars məscidi elan edən qonşu İrandır. Eyni zamanda Türkiyədə mövcud olan Fətullah Gülənçi dəstələri də bu prosesin arxasında dayanır. Təəssüf ki, Azərbaycanda və qardaş Türkiyədə onların kökü tam kəsilməyib. Vaxtaşırı olaraq qardaş ölkədə bu qüvvələrə qarşı müəyyən əməliyyatlar aparılsa da, onlar hələ də qalır”.
Hikmət Babaoğlunun sözlərinə görə, bu gün güclü Azərbaycan və Türkiyəyə qarşı birgə addımlar atılır ki, bu da onların eyni mərkəzdən idarə olunmasını sübut edir:
“Bu gün biz siyasi şüur kontekstində obyektiv gerçəkliyi olduğu dərk ediriksə, dini müstəvidə də dini şüurumuzun düzgün əsaslarda formalaşmasını təmin etməliyik. Azyaşlı uşağın inancının kiçik yaşlarından istismar edilməsi, mahiyyətini anlamadığı hansısa baş örtüyü ilə başının qapadılması onun dini azadlığına qarşı ən böyük təhdiddir. Çünki o uşaq böyüyəndə əsl İslamı dərk edə bilməyəcək. Beləliklə, o uşağın dini inancı və idrakı bəzi radikal, marginal qruplaşmaların əsirinə çevriləcək. Ona görə də biz Azərbaycan cəmiyyəti olaraq belə hallara qarşı da mübarziə aparmağa borcluyuq. Bu cür hallara qarşı mübarizə aparmalıyıq ki, gələcək nəsillərimiz güclü, inkişaf etmiş olsun və dini həqiqi əsaslarda dərk edən yetkin bir cəmiyyət formalaşdıraq”.