BAKI, 10 oktyabr. TELEQRAF

“Avropa Parlamentinin Azərbaycanla bağlı növbəti qətnaməsi bir daha göstərdi ki, problem artıq ayrı-ayrı ifadələrin, şəxslərin adlarının və ya insan hüquqları ilə bağlı qiymətləndirmələrin çərçivəsindən çoxdan çıxıb. Söhbət Avropa Parlamentinin Azərbaycana münasibətdə yanaşmasının sistemli böhranından gedir - elə bir yanaşmadan ki, burada siyasi qərəzlilik getdikcə obyektiv təhlili əvəz edir, təzyiq dili isə bərabərhüquqlu dialoq dilini sıxışdırır”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, formal olaraq bu cür sənədlər insan hüquqları, ayrı-ayrı məhkəmə işləri, müxalif qüvvələrin və ya vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti ətrafında qurulur. Lakin onları ayrılıqda deyil, son illərin ümumi kontekstində nəzərdən keçirdikdə bir məqam aydın görünür: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Parlamentinin ölkəmizə münasibəti kəskin şəkildə sərtləşib. Statistikanın özü də kifayət qədər səciyyəvidir. Prezident İlham Əliyevin səsləndirdiyi məlumata əsasən, təkcə 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Avropa Parlamenti Azərbaycan əleyhinə 14 qətnamə qəbul edib. Hazırkı sənəd isə sadəcə bu silsilənin davamıdır.

Deputat bildirib ki, Azərbaycan təxminən otuz il ərzində torpaqlarının işğalı, əhalinin kütləvi şəkildə öz yurdlarından didərgin salınması, şəhər və kəndlərin dağıdılması, mədəni irsin məhv edilməsi ilə üzləşib. Bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan uzaqda yaşamağa məcbur olub. Lakin həmin illərdə Avropa Parlamenti onların hüquqlarının müdafiəsi məsələsində müqayisəolunan siyasi israr nümayiş etdirmirdi. Doğrudur, 2010-cu ilin mayında Aİ-nin Cənubi Qafqaz üzrə strategiyasına dair qətnamədə Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələb edilmişdi. Lakin bu tələb tək-tək səslənmiş deklarativ bəyanatdan o yana keçmədi: onun ardınca nə eyni intensivlikdə qətnamələr, nə sanksiya ritorikası, nə də təcili tədbirlərin görülməsinə dair davamlı çağırışlar gəldi.

“Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan öz ərazi bütövlüyünü özü bərpa edib, Cənubi Qafqazda yeni reallıq formalaşdırıb və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Məhz bundan sonra Avropa Parlamentinin ritorikasında yeni siyasi reallığın qəbul edilməməsi getdikcə daha açıq şəkildə özünü göstərməyə başlayıb. Belə olan halda məntiqi sual yaranır: bu yanaşma həqiqətən insan hüquqlarının müdafiəsinə xidmət edir, yoxsa insan hüquqları ritorikası arxasında getdikcə daha çox Bakının müstəqil xarici siyasət kursundan narazılıq gizlənir?” - deyən, millət vəkili əlavə edib ki, müasir Azərbaycan artıq xarici təzyiqi fəaliyyət üçün məcburi təlimat kimi qəbul etməyə hazır olan dövlət deyil. Ölkə müstəqil siyasət həyata keçirir, müxtəlif güc mərkəzləri ilə münasibətlər qurur, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir, beynəlxalq arenadakı mövqelərini gücləndirir. Görünür, məhz bu müstəqillik Avropanın siyasi dairələrinin müəyyən hissəsi üçün getdikcə daha az məqbul görünür.

Sevinc Fətəliyevanın fikrincə, Avropanın müxtəlif institutlarının yanaşmaları arasındakı açıq fərq də diqqət çəkir. Bir tərəfdən, Avropa İttifaqı enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, Orta Dəhlizin inkişafı, qaz təchizatı, bərpaolunan enerji və yeni infrastruktur layihələri sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan etibarlı tərəfdaş və Avropanın enerji və nəqliyyat təhlükəsizliyi arxitekturasının mühüm elementi kimi qəbul olunur. Digər tərəfdən isə Avropa Parlamenti mütəmadi olaraq nəinki siyasi dialoqu çətinləşdirən, həm də qarşılıqlı hörmət prinsipinin özünü şübhə altına alan sənədlər qəbul edir. Nəticədə institusional ziddiyyət yaranır: praqmatik Avropa Azərbaycanla əməkdaşlığa can atdığı halda, Avropanın siyasiləşmiş dairələrinin bir hissəsi onunla təzyiq dili ilə danışmaqda davam edir. Belə yanaşma sadəcə qeyri-ardıcıl deyil. O, həm də strateji baxımdan uzaqgörən deyil.

Deputat qeyd edib ki, Azərbaycan bu gün regional və beynəlxalq proseslərdə 10-15 il əvvəlkindən qat-qat mühüm rol oynayır: “Cənubi Qafqaz artıq periferik məkan olmaqdan çıxaraq, Avropa ilə Asiya arasında əsas bağlantı qovşaqlarından birinə çevrilir. Enerji marşrutları, nəqliyyat dəhlizləri, Xəzər regionu, Mərkəzi Asiya, Qara dəniz — bütün bu istiqamətlər birbaşa Azərbaycanla bağlıdır. Bu reallığı nəzərə almadan eyni zamanda Avropanın regiondakı təsir imkanlarını qoruyub saxlamağa ümid etmək mümkün deyil. İkili standartlar məsələsi də az əhəmiyyət daşımır. Avropa Parlamenti ayrı-ayrı cinayət işlərinə siyasi qiymət verəndə və onların mahiyyətini əvvəlcədən müəyyənləşdirəndə ciddi hüquqi problem yaranır. Siyasi fəaliyyət, jurnalist peşəsi və ya ictimai xadim statusu heç kəsi avtomatik olaraq qanun qarşısında məsuliyyətdən azad edə bilməz. Əgər beynəlxalq struktur hər hansı məhkəmə prosesini yalnız iş üzrə şəxsin müxalifət və ya vətəndaş cəmiyyəti nümayəndəsi olması səbəbindən əvvəlcədən siyasi motivli elan edirsə, bu, artıq insan hüquqlarının müdafiəsi yanaşması deyil, milli ədliyyə sisteminə kənardan verilən siyasi qiymətdir”.
“Şübhəsiz ki, insan hüquqları məsələlərinin müzakirəsi beynəlxalq münasibətlərin normal tərkib hissəsidir. Lakin belə dialoq faktlara, suverenliyə hörmətə və dövlətin hüquqi prosedurlarının tanınmasına əsaslanmalıdır. O, siyasi təzyiq mexanizminə çevrilə bilməz” – deyən millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazın tarixi transformasiya mərhələsində olduğu indiki dövrdə bu xətt daha da qəribə görünür.

"Onilliklər boyu davam etmiş münaqişədən sonra Azərbaycan və Ermənistan uzunmüddətli sülh perspektivinə yaxınlaşıb, 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammiti isə bu yolda mühüm mərhələ olub. Regionda yeni münasibətlər sistemi formalaşır. Kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq, qarşılıqlı tanınma və postmünaqişə inkişafı məsələləri ön plana çıxır. Belə bir şəraitdə Avropa institutları əlavə siyasi qarşıdurma xətləri yaratmaq əvəzinə, gərginliyin azaldılmasına töhfə verməli idi. Lakin Avropa Parlamenti öz qərarları ilə çox vaxt bunun tam əksinə hərəkət edir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Avropa Parlamenti 2026-cı ilin aprelində qəbul etdiyi qətnamədə Vaşinqton sammitinin əhəmiyyətini özü etiraf etsə də, eyni zamanda sənədə Bakının qiymətləndirməsinə görə normallaşma prosesinə zərər vuran müddəalar daxil edib. Regionda formalaşan yeni sülh arxitekturasını dəstəkləmək əvəzinə, artıq mövcud reallığa uyğun gəlməyən köhnə siyasi şablonlar yenidən gündəmə gətirilir".

Deputat onu da qeyd edib ki, Avropanın insan hüquqları gündəliyindəki selektivlik də ciddi suallar doğurur: “Bu gün Azərbaycanın azad edilmiş əraziləri dünyada mina ilə ən çox çirklənmiş bölgələrdən biri olaraq qalır. Azərbaycan vətəndaşları mina partlayışları nəticəsində hələ də həyatını itirir və yaralanırlar. ANAMA-nın məlumatına əsasən, 2020-ci ilin noyabrından etibarən minaların qurbanı olan şəxslərin sayı 437 nəfərə çatıb. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. İnfrastrukturun bərpasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına milyardlarla dollar vəsait yönəldilir. Lakin bu məsələlər nadir hallarda Avropa Parlamentinin eyni dərəcədə ardıcıl və israrlı siyasi fəaliyyətinin predmetinə çevrilir. Belə asimmetriya istər-istəməz universal prinsiplərdən deyil, həmin prinsiplərin seçmə şəkildə tətbiqindən söhbət getdiyi təəssüratını yaradır”.

Millət vəkilinin sözlərinə görə, Avropa Parlamentinin bugünkü siyasətinin əsas böhranı da məhz bundan ibarətdir. Problem avropalı deputatların öz mövqeyinin olmasında deyil. Bu, təbiidir. Problem mövqenin regionda baş verən dəyişiklikləri, Avropanın real maraqlarını və Azərbaycanın müstəqil kurs yürütmək hüququnu nəzərə almayan davamlı siyasi klişelər sisteminə çevrildiyi anda başlayır. Azərbaycana münasibətdə təzyiq dili artıq çoxdan işləmir. Əksinə, belə yanaşma əks effekt verir — dialoq imkanlarını məhdudlaşdırır, etimadsızlığı artırır və Avropa Parlamentinin özünün təsir imkanlarını zəiflədir. Bu, artıq nəzəri qənaət deyil: 2026-cı il aprelin 30-da qəbul edilmiş qətnamədən sonra Milli Məclis Avropa Parlamenti ilə bütün əməkdaşlıq kanallarını dayandırıb, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsindən çıxıb və “Avronest” Parlament Assambleyasından çıxmaq proseduruna başlayıb. Mövcud regional reallığı nəzərə almadan hazırlanan heç bir qətnamə həmin reallığı dəyişə bilməz.

“Avropa seçim etməlidir: Bakı ilə məsafəni daha da artıran siyasiləşmiş sənədlər qəbul etməkdə davam etmək, yoxsa Azərbaycanla müstəqil, suveren və region üçün mühüm əhəmiyyət daşıyan tərəfdaş kimi yetkin və bərabərhüquqlu dialoqa keçmək. Müasir dünyada hörmət təzyiqdən qat-qat səmərəli işləyir. Avropa Parlamentində bu həqiqət nə qədər tez dərk edilərsə, Azərbaycanla Avropa arasında dolğun və konstruktiv münasibətlər formatını qoruyub saxlamaq şansı da bir o qədər yüksək olar” – deyə, Sevinc Fətəliyeva vurğulayıb.